İtaliya çempionu “Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen İngiltərənin “Çelsi” klubuna keçməyi ciddi şəkildə düşünür.
Arena.az xəbər verir ki, Osimhen Premyer Liqa təmsilçisini yay transferi üçün “ən maraqlı seçimlərdən biri” hesab edir.
Vurğulanır “Çelsi”nin nigeriyalı hücumçu ilə müqavilə imzalamaq üçün favorit olduğu yəqin deyil, amma “zadəganlar” bu rəqabətə artıq qoşulublar.
Digər iddiaya görə, Avropanın iki nəhəngi Osimheni almaq üçün əsas namizədlərdir. Hazırda 25 yaşlı futbolçunun transferi ilə bağlı “Napoli” ilə razılığa gəlməyə ən yaxın olan klublar PSJ və “Mançester Yunayted”dir.
PSJ yayda “Real”a keçə biləcək hücumçu Kilian Mbappenin mümkün əvəzləyicisi kimi Viktor Osimheni nəzərdən keçirir. Öz növbəsində, “Mançester Yunayted”in ortaq sahibi Cim Retkliff nigeriyalı hücumçunu yaxın bir neçə il ərzində klubu üçün mükəmməl hücumçu kimi görür.
Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 23 oyuna çıxb, 13 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 124 oyun, 72 qol, 18 məhsuldar ötürmə.
Osimhen “Napoli” ilə geridə qalmış 2022/2023 mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla turnirin ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.
Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.