İtaliya çempionu olan “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen yaxın gələcəyi ilə bağlı suala aydınlıq gətirib.
Arena.az xəbər verir ki, İtaliya A Seriyasının 2022/2023-cü il mövsümünün ən yaxşı bombardiri bu ölkənin mətbuatına açıqlamasında bunları söyləyib:
“Bilmirəm, bu barədə klub prezidenti qərar verəcək. Neapolluları sevirəm, onlar mənə inanılmaz sevgi nümayiş etdirirlər. Mənə gəlincə, bu işə prezident qərar verir, mən isə axınla gedəcəyəm”.
Xatırladaq ki, mayın əvvəlində “Napoli”nin prezidenti Aurelio De Laurentis heç bir halda Osimeni bu yay transfer pəncərəsində satmayacağını bildirmişdi.
Artıq geridə qalmış mövsüm ərzində “Napoli” son 33 ildə ilk titulunu – “skudetto”nu qazanıb. Viktor Osimhen bu işdə komandasına böyük töhfə verib. Hücumçu 39 oyunda meydana çıxıb, 31 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib. Osimhen 26 qolla A Seriyasının bombardiri olub.
“Transfermarkt” internet-portalı futbolçunu 100 milyon avro məbləğində qiymətləndirir.