Viktor Osimhen “Napoli”nin əfsanələrinin nailiyyətlərini təkrarladı

A Seriyasının 21-ci turunun “Sassuolo” ilə səfər oyunu (1:6) “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda het-trikə imza atmış forvard cari mövsümdə A Seriyasında vurduğu qolların sayını 11-ə çatdırıb.

Beləliklə Osimhen ardıcıl 4-cü mövsümdə “Napoli”nin İtaliya A Seriyasında ən azı 10 qol vuran 3-cü futbolçusu olub. Osimhen “Napoli”nin əfsanələri Dieqo Maradona və Attila Sallyustronun nailiyyətlərini təkrarlayıb. Adı çəkilən əfsanələr İtaliya çempionatında ardıcıl 4 mövsüm ən azı 10 qol vurublar. Maradona 1984-1988-ci illərdə, Sallustro isə 1929-1933-cü illərdə müvafiq nailiyyətə imza atıb.

Viktor Osimhenin İtaliya A Seriyasında “Napoli”nin heyətində mövsümlər üzrə göstərdiyi qolçuluq məharətinin nəticəsini təqdim edirik:

2020/2021 mövsümü – 10 qol;
2021/2022 mövsümü – 14 qol;
2022/2023 mövsümü – 26 qol;
2023/2024 mövsümü – 11 qol.

Altı mövsümdür azı 10 qol vurur

Bununla yanaşı Osimhen daha bir əlamətdar nailiyyətə imza atıb. Belə ki, nigeriyalı hücumçu ümumiyyətlə çıxış etdiyi milli birinciliklərdə arıtq 6-cı mövsümdür ki, ən azı 10 qol vurur. “Napoli”yə qədər Osimhen Fransanın “Lill” və Belçikanın “Şarlerua” klublarında çıxış edib və qolçuluq məharətini burada da göstərib.
Osimhenin ardıcıl 6 mövsümdə nümayiş etdirdiyi ən azı 10 qolluq nəticəni təqdim edirik:

2018/2019 mövsümü, “Şarlerua” – 19 qol;
2019/2020 mövsümü, “Lill” – 13 qol;
2020/2021 mövsümü, “Napoli” – 10 qol;
2021/2022 mövsümü, “Napoli” – 14 qol;
2022/2023 mövsümü, “Napoli” – 26 qol;
2023/2024 mövsümü, “Napoli” – 11 qol.

Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 21 oyuna çıxb, 13 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 122 oyun, 72 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə geridə qalmış 2022/2023 mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla turnirin ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhem Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.