Türkiyə çempionu “Qalatasaray”ın hücumçusu Vilfrid Zaha icarə müqaviləsi əsasında Lion “Olimpik”inə (Fransa) keçib.
Arena.az bu barədə “Olimpik”in mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi fransız klubuna 3 milyon məbləğ müqabilində başa gəlib. İcarə müddəti isə 2025-ci ilin iyun ayının sonuna qədər hesablanıb.
Vilfrid Zaha “Kristal Pelas”ın yetirməsidir. Hücumçu karyerası ərzində “Mançester Yunayted”, “Kardiff Siti” və “Qalatasaray”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Zaha “Qalatasaray”ın heyətində bütün yarışlarda 42 oyuna 10 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Vilfrid Zaha 2017-ci ilin yanvarında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 31 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.
Zahanın qənimətlər muzeyində “Mançester Yunayted”lə İngiltərə Super Kuboku (2013/2014), “Qalatasaray”la Türkiyə çempionluğu (2023/2024) və Türkiyə Super Kuboku (2023/2024) var.
“Transfermarkt” internet-portalı 31 yaşlı Zahanın transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.
Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i “Renn”in mərkəz müdafiəçisi Varmed Omarini də heyətinə qatıb. Lionlular 24 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüblər.
Varmed Omari “Renn”in öz yetirməsidir. Karyerası ərzində yalnız bu klubun formasını geyinmiş futbolçu, 94 oyunda 2 qol və 1 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı Omarinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
“Olimpik”in mərkəz müdafiəçisi Sinali Diomande isə azad agent kimi “Oser”ə keçib. 23 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Peşəkar karyerasına “Olimpik”də başlamış Sinali, Lion klubunun əsas komandasında 85 oyun keçirib. Diomande 2020-ci ilin oktyabrında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 11 oyuna çıxıb.
Yeri gəlmişkən, “Oser” İngiltərənin “Vulverhempton” klubunun müdafiəçisi Ki-Yana Huveri də heyətinə qatıb. Fransa klubu 22 yaşlı niderlandlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.