Villian 40 yaşına qədər oynamaq istəyir – “Çox xoşbəxtəm”

“Fulhem”in braziliyalı yarımmüdafiəçidi Villian peşəkar futbolçu karyerasını neçə yaşına qədər davam etdirməyi planlaşdırdığını açıqlayıb.

Arena.az “Çelsi”nin sabiq ulduzunun bu barədə fikirlərini təqdim edir:

“Burada Premyer Liqada olub-olmayacağını bilmirəm, amma 39, bəlkə də 40 yaşıma qədər oynamaq istəyirəm. Çox xoşbəxtəm. İndi futboldan həzz alıram”.

Xatırladaq ki, braziliyalı futbolçu “Fulhem”ə 2022-ci ilin sentyabr ayında azad agent kimi qoşulub. 35 yaşlı sol cinah vingeri indiyə qədər bu komandanın heyətində 57 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Villianın İngiltərə klubu ilə müddəti daha 1 il artırılmaq şərti ilə 2024-cü ilin 30 iyununa kimi müqaviləsi var.

Villian Borxes da Silva peşəkar karyerasına yetirməsi olduğu “Korintians”da başlayıb. 2007-ci ildə Avropaya üz tutan yarımmüdafiəçi Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna keçib. 2013-cü ilə qısa müddət Rusiya “Anji”sində çıxış etmiş futbolçu elə həmin il İngiltərə nəhəngi “Çelsi”də oynamağa başlayıb. 2020-ci ilə qədər London klubunun uğurları üçün çalışmış yarımmüdafiəçi, 2020/2021 mövsümünü də İngiltərənin digər klubu “Arsenal”da keçirib. 2021-ci ilin yayında “Arsenal”dan ayrılan Villian yetirməsi olduğu “Korintians”a qayıtsa da, bir il sonra yenidən Braziliyanı tərk edib və İngiltərəyə qayıdıb.

Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi 2011-ci ildə millidə debüt edib. O, yığma komandada 70 oyun keçirib, 9 qola imza atıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.