Villian Arao rəsmən “Fənərbaxça”da

Türkiyənin “Fənərbaxça” klubu ilkin razılıq əldə etdiyi və İstanbula gətirdiyi braziliyalı yarımmüdafiəçi Villian Arao ilə müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər 2+1 illik müqaviləyə imza atıblar. İstanbul klubunun Braziliya “Flamenqo”sundan transfer edilmiş futbolçuya görə nə qədər təzminat ödədiyi açıqlanmır. Məşhur “Transfermarkt” saytı isə bu keçidin 3 milyon avroya başa gəldiyini yazıb.

“Korintians”ın yetirməsi olan Villian Arao “Portuqeza”, “Şapekoense”, “Atletiko Qoiyaniense” və “Botafoqo”da da icarədə oynayıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu, 2016-cı ildən “Flamenqo”da çıxış edirdi. 30 yaşlı futbolçu bu komandanın heyətində 330 oyuna 29 qol vurub. Arao Braziliya millisində də 1 oyuna çıxıb.

“Fənərbaxça” öz yetirməsi olan Arda Okan Kurtulanı da “Adana Dəmirspor”a satdığını açıqlayıb. 19 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. İstanbul təmsilçisinin əsas komandasında cəmi 1 oyun keçirmiş yarımmüdafiəçi, Türkiyədə doğulmasına baxmayaraq, Şimali Makedoniyanın U-19 və U-21 yığmalarında oynayıb.

Yeri gəlmişkən, “Adana Dəmirspor” “Qalatasaray”dan da Ali Yavuz Kolu transfer edib. 21 yaşlı forvardla 2+2 illik müqavilə imzalanıb. “Qalatasaray”ın öz yetirməsi olan futbolçu, əvvəlki mövsümlərdə “Tarsus İdman Yurdu”, “Dənizlispor” və “Keçiörengücü”də icarədə oynayıb. Ali Yavuz Türkiyənin U-14, U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında da oynayıb.