Vilyam Karvalyo cinsi təcavüzdə ittiham edilir

“Betis”in portuqal yarımmüdafiəçisi Vilyam Karvalyo təqsirləndirilən qismində zorlama işində ifadə vermək üçün Sevilya məhkəməsinə gələcək.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ötən ilin avqustunda 31 yaşlı futbolçu Madriddə olarkən bir qadını otel otağına dəvət edib, orada qadını qadağan edilmiş maddələrdən istifadəyə inandırıb, bundan sonra zərərçəkmişə qarşı cinsi xüsusiyyətli zorakılıq hərəkətləri edib.

Vurğulanır ki, Karvalyo məhkəməyə gəlməsə, ona qarşı həbs tədbiri tətbiq edilə bilər.

Vilyam Karvalyo Lissabon “Sportinq”inin yetirməsidir. Dayaq yarımmüdafiəçisi karyerası ərzində “Serkl Brügge” və “Betis” komandalarında çıxış edib.

Karvalyo “Betis”ə 2018-ci ilin iyulunda qoşulub. Yarımmüdafiəçi ispan klubuna 18,5 milyon avro müqabilində “Sportinq”dən transfer edilib. Karvalyonun “Betis”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqaliyalı “dayaqçı” “Betis”in heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.

Vilyam Karvalyonun qənimətlər muzeyində “Sportinq”lə qazandığı Portuqaliya Kuboku və Portuqaliya Liqa Kuboku, “Betis”lə qazandığı İspaniya Kral Kuboku var.

Karvalyo 2013-cü ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 80 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, Portuqaliya yığmasının əsas komandasına U-16 yığmasından U-21 yığmasınadək bütün komandalardan keçməklə gəlib. Vilyam Portuqaliya yığması ilə 2016-cı il Avropa çempionatının və 2019-cu il UEFA Millətlər Liqasının qalibi olub. Həmçinin yarımmüdafiəçi Portuqaliyanın U-17 yığması ilə 2009-cu il “Alqarve Beynəlxalq Turniri”nin qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Karvalyo Portuqaliya futbolunun son onillikdə yetişdirdiyi ən yaxşı dayaq yarmmüdafiəçilərindən hesab edilir.