“Vilyarreal” 3-cü liqa klubuna uduzdu, 1/8 final cütləri bəlli oldu

Futbol üzrə İspaniya Kubokunun 2023/2024 mövsümünün 1/16 final mərhələsinin “Yunionistas” – “Vilyarreal” matçı başa çatıb.

Arena.az xəbər verir ki, ötən gecə 90-cı dəqiqədə “Reyna Sofiya” stadionunda işıqların sönməsi səbəbindən yarıda dayandırılmış oyun bu gün davam etdirilib.

Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. La Liqa klubu 3-cü divizion təmsilçisinə penaltilər seriyasında 6:7 hesabı ilə uduzub.

Beləliklə, “Vilyarreal” turnirdə mübarizəni dayandırıb. “Yuniostas” isə 1/8 finala yüksəlib.

Xatırladaq ki, “Yunionistas”dan öncə digər aşağı liqa təmsilçisi “Tenerife” də sürprizə imza ataraq La Liqada iştirak edən “Las Palmas”ı mübarizədən kənarlaşdırmışdı – 2:0.

İspaniya Kubokunda 1/8 finala vəsiqə qazanmış digər klubların hamısı elita təmsilçiləridir: “Alaves”, “Atletik”, “Atletiko”, “Barselona”, “Selta”, “Xetafe”, “Jirona”, “Malyorka”, “Osasuna”, “Rayo Valyekano”, “Real”, “Real Sosyedad”, “Sevilya”, “Valensiya”.

Artıq İspaniya Kubokunda 1/8 final mərhələsinin cütlükləri də məlumdur. 1/4 finala vəsiqə uğrunda aşağıdakı kollektivlər üz-üzə gələcəklər:

Yunionistas – Barselona
Tenerife – Malyorka
Xetafe – Sevilya
Osasuna – Real Sosyedad
Valensiya – Selta
Atletik – Alaves
Atletiko – Real
Jirona – Rayo Valyekano