İspaniyanın “Real” klubunun brazilyalı hücumçusu Vinisius Junior Valensiyada Ali məhkəmə qarşısında çıxış edəcək.
Arena.az TVE-yə istinadən xəbər verir ki, La Liqanın 35-ci turu çərçivəsində “Mestalya”da “Valensiya” ilə “Real” arasında keçirilmiş oyunda qonaqların futbolçusu irqi təhqirə məruz qalmışdı.
Vinisiusun çıxışı irqçilik işinə dair üç ittihamla əlaqədar olacaq. İş, sözügedən qalmaqallı hadisə ilə bağlı məqamlara aydınlıq gətirməlidir.
Əvvəl, müvafiq orqanlar tərəfindən yaşı 18-21 aralığında olan üç nəfər barəsində təhqiqat işi başlanmışdı. Həmin şəxslər nifrət əsasında cinayət törətməkdə şübhəli bilinərək saxlanılmışdılar.
Vinisius Valensiyada Ali məhkəmədə videokonfrans üzərindən, zərərçəkən tərəf qismində çıxış edəcək. Məhkəmənin dinləmə vaxtı açıqlanmır. Vinisiusun çıxışından əvvəl məhkəmə təqsirləndirilən şəxsləri dinləyəcək.
Bunula yanaşı, məhkəmə “Valensiya” rəhbərliyinə oyun günü stadionda işləyən bəzi keşikçilərin, stüardların şəxsiyyətini müəyyən etmək haqda müraciət ünvanlayıb. Bu yolla məhkəmə adı çəkilən kəsləri şahid qismində məhkəmədə ifadə verməyə cəlb etməyi nəzərdə tutub.
Xatırladaq ki, “Mestalya”dakı irqi təhqir hadisəsi Avropada ciddi qalmaqala səbəb olub. Məsələyə bir çox səlahiyyətli qurumlar müdaxilə edərək xüsusi tədbirlər görməklə yanaşı, müvafiq cəzalar müəyyən ediblər. Təhqiqatlar hələ də davam edir. Müvafiq olayların bir daha baş verməməsi prioritet olaraq vurğulanır. İdman yarışları üzrə İspaniya Kral futbol federasiyası (RFEF) “Valensiya”nı 45 min avro məbləğində cərimələyib və “Mestalya”nın Vinisiusa təhqir ünvanlanmış fanat tribunasını 5 oyunluq bağlayıb. Bir qədər sonra cərimə 27 min avroya endirilib, tribunanın isə 3 oyunluq bağlanması müəyyən edilib.
Sonda onu da qeyd edək ki, Vinisius Junior bu mövsüm tez-tez irqçi təhqirlərə məruz qalıb. Lakin “Valensiya” səfərindəki qalmaqal digərlərini tamamilə kölgədə qoydu.