Vinisius Junior “Alverka”nın həmsahibi oldu

“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior Portuqaliyanın ikinci divizionunda çıxış edən “Alverka” klubunun həmsahibi olub.

Arena.az bu barədə “Record” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl sahibkar Rikardu Visintin “Alverka”dakı öz səhm payının satışı haqda bəyanat yaymışdı. Məlum olub ki, bu pay ispaniyalı və braziliyalı sərmayədarlar, o cümlədən Vinisius Junior tərəfindən satın alınacaq. Bildirilir ki, Visintinin səhm payı 10 milyon avro məbləğində başa gələcək. Məsələ öz həllini artıq tapıb və yalnız son kargüzarlıq işlərinin tamamlanması ilə rəsmiləşməsini gözləyir.

Əlavə edək ki, “Alverka” Portuqaliyanın ikinci divizionunda 22 oyundan 38 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb və Portuqaliya Premyer Liqasına vəsiqə qazanmağa iddialıdır.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 31 oyuna çıxıb, 16 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 296 oyun, 101 qol, 85 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.