“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior fransalı müdafiəçi Benjamin Mendiyə dəstək nümayiş etdirib.
Arena.az bu barədə Vinisiusun “Twitter” hesabındakı yazısına istinadən məlumat verir.
Xatırladaq ki, Benjamin Mendi zorlama işində bütün ittihamlardan bəraət alaraq, adının təmizliyini qoruya bilib. Bu münasibətlə Vinisius Junior qaradərili futbolçuya mənəvi dəstək ruhunda yazı ünvanlayıb:
“Sənin keçdiyin hər şeyə görə təəssüflənirəm, Benjamin. Sən karyeranın iki ilini itirdin, amma bu, bütün bu vəziyyətlə bağlı ən azıdır… Bəs psixoloji zərbə? Lap yəqin, həyatın heç vaxt əvvəlki kimi olmayacaq. Ad-sanın məhv edilməsi mədəniyyəti daha birini qurban aldı. Nə vaxta qədər bizi ittiham edəcəklər, məhkum edəcəklər, bizim isə adicə müdafiəyə hüququmuz olmayacaq? Saxta xəbərlər heç bir dəlili yoxlamadan uydurulur və yayılır (mən bunu məzuniyyətdə olarkən şəxsən yaşadım), sonra isə vəziyyət ancaq pisləşir.
Məsuliyyətli olmaq hər bir mütəxəssis üçün minimum olardı, amma bizim zəmanədə bu, istisna halına gəlib. Heç bir məhdudiyyət yoxdur, hamıya daha çox tıklama və baxış gərəkdir. Mənim sualım var: Benjaminə vurulmuş zərərin təzminatını ödəmək üçün nə ediləcək?”.
İctimaiyyət braziliyalı futbolçunun mövqeyini anlaşıqla qarşılayıb. Vinisius Junior özü irqçi təhqirlərlə üzləşdiyi andan, mətbuatın qeyri-dəqiq məlumatlarına qarşı barışmaz, sərt tənqidi mövqe nümayiş etdirir.