Braziliya millisinin və “Real”ın cinah hücumçusu Vinisius Junior “selesao”nun azarkeşlərinə müraciət ünvanlayıb.
Arena.az bu barədə nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir.
Braziliyalı ulduz “selesao”nun DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin 8-ci tur oyununda Paraqvay yığmasına 0:1 hesablı səfər məğlubiyyətindən sonra, müvafiq müraciətlə çıxış etmək cəsarətini özündə tapıb:
“Avropadakı oyunlar buradakından daha sürətlidir. Meydanların keyfiyyətinə görə top daha sürətli hərəkət edir, amma yaxşı surətdə çıxış etmək üçün uyğunlaşmalıyıq. Oyunlarda qalib gəlmək istəyirik. Azarkeşlərdən üzr istəmək niyyətindəyəm. Bunun çətin məqam olduğunu bilirəm, amma bilin ki, biz geri dönəcəyik”, deyə “Vini” vurğulayıb.
Xatırladaq ki, Vinisus Junior artıq ardıcıl üçüncü oyundur ki, Braziliya millisinin heyətində səmərəli fəaliyyətə (qol və ya məhsuldar ötürmə) müvaffəq ola bilməyib.
8 turdan sonra Braziliya millisi DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin yarış cədvəlində 10 xalla 5-ci pillədə qərarlaşıb. Bu isə 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında iştiraka birbaşa vəsiqəni təmin edir.


