“Barselona”nın keçmiş yarımmüdafiəçisi Xerard Lopes “Real”ın irqi təhqirə məruz qalmış hücumçusu Vinisius Junior haqda danışıb.
Arena.az xəbər verir ki, baş verənlərə görə braziliyalı oyunçunu günahlandıran Xerard Lopes, onu həddini aşmaqda ittiham edib:
“Nəzərə alsaq ki, istedadlı futbolçu haqqında danışırıq, bu halda “Real”ın düşdüyü vəziyyət dözülməzdir. Bu vəziyyət barışmazlıqla başa çatacaq.
Vinisiusun ünvanına yönəlmiş təhqirlərə rəğmən, onun hər oyunda təxribat doğuran, həddini aşan münasibəti ona gətirib çıxarır ki, rəqibləri, hakimlər və azarkeşlər arasında düşmənlərinin sayı artır. O, artıq Malyorkada, Pamplonada “persona non-qrata” elan edilib. İndi isə Valensiyada bu statusu daşıyır.
Oyunçu öz davranışı haqda düşünməlidir. Çünki belə davam edəcəyi halda hər şey onun “Real”dan getməsi ilə nəticələnəcək. Özü də hazırda “Real” artıq bunu istisna etmir”.
Xatırladaq ki, mövsüm ərzində bir neçə dəfə oxşar halla rastlaşmış Vinisius Junior son olaraq “Valensiya”ya 0:1 hesabıyla uduzduqları matçda irqi təhqirlərə məruz qalıb. Bu üzdən o, hətta meydanı tərk etmək istəyib, lakin komanda yoldaşları futbolçunu fikrindən daşındıra biliblər. Matçın 90+7-ci dəqiqəsində isə braziliyalı oyunçu qırmızı vərəqə ilə meydandan qovulub.
Yeri gəlmişkən, İspaniya La Liqası hadisənin üstündən iki gün keçəndən sonra Vinisiusa göstərilmiş qırmızı vərəqənin ləğv olunduğunu açıqlayıb. Qurum futbolçunun həmin epizoda görə günahsız olduğuna qərar verib.
Ümumiyyətlə, “Real” rəhbərliyinin məsələyə hüquqi müdaxiləsindən sonra həmin oyundan sonra çoxlu hadisələr baş verib. Həmin hadisələrin bəzisi ilə sizi də tanış edirik:
- İspaniyada 6 hakim işdən qovulub.
- İspaniya Futbol Federasiyası “Valensiya”ya qarşı ciddi araşdırmaya start verib.
- “Valensiya” əvvəlcə irqçilik edən 1 azarkeşi, daha sonra 3 azarkeşi stadiondan ömürlük uzaqlaşdırıb.
- İspaniya polisi irqçilik hallarına qarşı mübarizəyə start verib, artıq 4 azarkeş saxlanılıb.
- Braziliya hökuməti məsələyə sərt reaksiya göstərib, hətta Rio de Janeyrodakı məşhur İsa Məsih heykəlinin işıqları bir gecəlik söndürülüb.
- “Valensiya” 45 min avro cərimə olunub, klubun stadionundakı “Mario Kempes” tribunası 5 oyunluq qapadılıb.