Vinisius Junior ilin ən yaxşı iber-amerikan futbolçusu mükafatını aldı

2024-cü ilin ən yaxşı iber-amerikan futbolçusu mükafatını “Real”ın və Braziliya millisinin ulduz hücumçusu Vinisius Junior alıb.

Arena.az bu barədə İspaniyanın EFE informasiya agentliyinə istiandən məlumat verir.

Beləliklə Vinisius Junior ardıcıl 3-cü dəfə müvafiq mükfatla təltif edilib.

Xatırladaq ki, EFE müvafiq mükafatı 1990-cı ildən Avropa və Latın Amerikasının ispan və portuqaldilli ölkələrinin ən yaxşı futbolçusuna təqdim edir. Bu illər ərzində mükafat Roberto Karlos, Dieqo Simeone, Ronaldo, Ronaldinyo, Lionel Messi, Kristiano Ronaldo və başqalarına təqdim edilib.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 20 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 285 oyun, 97 qol, 83 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Xəbəri istədiklərinizlə paylaşın