İspaniya Super Kubokunda “Barselona” ilə “el klasiko” (4:1) “Real”ın braziliyalı sol vingeri Vinisius Junior üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “Vinni” bu oyunda “Barselona”nın qapısından 3 top keçirib.
Beləliklə, Vinisius XXI əsrdə “Barselona” ilə “el klasiko”da ən tez het-trikə imza atmış 2-ci oyunçu olub: “Vinni” 7-ci və 10-cu dəqiqələrdə oyundan, 39-cu dəqiqədə penaltidən fərqlənib. “Real”ın braziliyalı ulduzu 32 dəqiqə ərzində “Barselona”nın “işini bitirib”.
Bu baxımdan rekord “Real”ın sabiq hücumçusu Kərim Benzemaya məxsusdur. 2023-cü ilin 5 aprelində İspaniya Kuboku çərçivəsində keçirilmiş “el klasiko”da “Real” “Barselona”nı səfərdə 4:0 hesabı ilə məğlub etmişdi. Həmin oyunda Benzema 30 dəqiqə ərzində (50, 58-penaltidən və 80-ci dəqiqələrdə) het-trikə imza atmışdı.
Həmçinin “Vinni” XXI əsrdə bütün yarışlarda oyunun ilk 10 dəqiqəsində 2 qol vurmuş ilk futbolçu olub.
“Real”ın prezidenti Florentino Peres madridlilərin möhtəşəm qələbəsinə het-triklə töhfəsini vermiş braziliyalı vinger Vinisius haqda fikirlərini paylaşıb:
“O, demək olar ki, həmişə parlayır, bu gün buna layiqdir və çox xoşbəxtdir. Onun hər oyunda göstərdiyi səy fenomenaldır, buna görə də o, dünyanın ən yaxşılarından biridir. O, çox gəncdir, xoşbəxtdir. O, çox yaxşıdır və ildən-ilə yaxşılaşacaq”.
Xatırladaq ki, “Real” ötən gecə “Barselona”nı 4:1 hesabı ilə darmadağın edərək, İspaniya Super Kubokunun 40-cı – 2023/2024 mövsümünün qalibi olub. Bu, “kral klubu”nun müvafiq yarışda 13-cü qalibiyyətidir. “Barselona”nın isə super kubokda 14 qalibiyyəti var.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir və “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 9 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 241 oyun, 68 qol, 68 məhsuldar ötürmə.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 26 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.