Vinisius Junior: “Mövsümün ən vacib oyunu hələ qarşıdadır”

“Real”ın vingeri Vinisius Junior İspaniya La Liqasının 36-cı turunda “Alaves”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.

Arena.az xatırladır ki, Madrid təmsilçisi bu oyunda 5:0 hesablı qələbəyə sevinib, braziliyalı futbolçu isə dubla imza atıb.

“Mən həmişə “Real” formasını geyinməyi və bu azarkeşlər üçün oynamağı xoşlamışam. Bu klubda oynamaq uşaqlıq arzum idi. Bu qələbə burada ola bilməyən bir çox uşaqlar üçündür. Bu oyunda inamlı qələbə qazansaq da, başa düşürük ki, mövsümün ən vacib oyunu hələ qarşıdadır. Bu, kuboka gedən yolda son addımdır”, deyə Vinisius vurğulayıb.

Xatırladaq ki, Vinisius Junior Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 23 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 262 oyun, 82 qol, 75 məhsuldar ötürmə.

“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), UEFA Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 28 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.