Vinisius Juniora irqçi ifadələr işlətmiş azarkeşlərə 8 aylıq cəza

“Valensiya”nın 3 azarkeşi La Liqa oyununda “Real”ın braziliyalı hücumçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlətməkdə təqsirli bilinib.

Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir.

“Yarasalar”ın tərəfdarlarının irqi ayrı-seçkiliyi ağırlaşdıran hal ilə “mənəvi toxunulmazlığa qarşı cinayət”də təqsirli bilindikləri və 8 ay müddətinə həbs cəzası aldıqları bildirilib. Həmçinin dildən pərgar olan bu “qəhrəmanlar” məhkəmə xərclərini də ödəməyə mükəlləf ediliblər. Müttəhimlərə eləcə də İspaniya Kral Futbol Federasiyasının (RFEF) himayəsi altında keçirilən La Liqa oyunları və digər yarışların keçirildiyi futbol stadionlarına baş çəkmək 2 il müddətinə qadağan ediləcək. İclasda müttəhimlər “ağıllanıblar” – təhqir etdikləri Vinisius Juniordan, İspaniya La Liqasından və “Real”dan üzr istəyib, irqçiliklə mübarizənin tərəfdarı olduqlarını bildiriblər.

Mütəmadi olaraq irqi zəmində xoşagəlməz hadisələrin yaşandığı İspaniya futbolunda, məhkəmənin çıxardığı bu qərər rəğbətlə qarşılanıb. İspaniya La Liqasının prezidenti Xavyer Tebas bu barədə öz fikrini dərhal ifadə edib:

“Bu hökm İspaniyada irqçiliyə qarşı mübarizə üçün əla xəbərdir. Bu, Vinisiusa dəymiş ziyanı ödəyir və təhqir etmək üçün stadiona gələn kəslərə aydın ismarış göndərir: La Liqa onları tapacaq, onlar haqda xəbər verəcək və onlar üçün cinayət nəticələri gələcək”, – AS dərgisi Tebasdan sitat gətirir.

Həmçinin irqçilərin müvafiq qaydada cəzalandırılmasında və irqçiliyə qarşı mübarizədə barışmaz mövqe tutmuş “Real” öz rəsmi mövqeyini bir daha açıqlayıb:

“Üç müttəhim öz günahlarını etiraf etdilər və Vinisius Junior, “Real” və davranışlarından incimiş hər kəsə ünvanlanmış üzrxahlıq məktubu dərc etdilər. Təqsirləndirilən şəxslər məktubda təəssüfləndiklərini ifadə etməklə yanaşı, onlar azarkeşləri idman tədbirlərində irqçilik və dözümsüzlüyün ixtiyari təzahürlərinin kökünu kəsməyə çağırıblar

Bu, cinayət məhkəməsi tərəfindən bu cür əməllərə görə verilmiş ilk məhkumluqdur. “Real” bu prosesdə xüsusi ittihamçı kimi iştirak edən Vinisius Junior ilə birlikdə klubumuzun dəyərlərini müdafiə etmək, futbol və idman dünyasında bütün irqçi davranışların kökünü kəsmək üçün fəaliyyətini davam etdirəcək”, – “Real”ın rəsmi bəyanatında deyilir.