“Real” komandanın oyunları zamanı braziliyalı vinger Vinisius Juniorun idarəedilməz davranışından ciddi surətdə narahatdır.
Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, braziliyalı futbolçunun öz davranışı ilə komandanın çıxış etdiyi, demək olar ki, bütün qonaq stadionlarında düşmənçilik yaratması “Real” rəhbərliyinin xoşuna gəlmir. Vinisiusun aldığı qarşılıq təkcə futbolçunun özündə deyil, Madrid klubunun qalan oyunçularında da gərginlik hissi yaradır.
“Real”ın məşqçilər qərargahının artıq Vinisiusa təsir etmək üçün bütün üsulları sınadığı, amma bunun nəticə vermədiyi vurğulanır. İndi “Kral klubu”nun rəhbərliyi hücumçunun klubun nüfuzuna zərər vurduğu qənaətindədir.
Xatırladaq ki, martın 16-da La Liqanın 29-cu turu çərçivəsində “Osasuna” – “Real” oyununun (2:4) 44-cü dəqiqəsində Vinisius həddən artıq duyğusal olduğuna görə sarı vərəqə alıb. Vinisius həm də vaxtaşırı rəqib oyunçularla, eləcə də onların müxtəlif təhqirlərdən istifadə edən azarkeşləri ilə münaqişə vəziyyətləri yaşayır.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir və “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 253 oyun, 77 qol, 72 məhsuldar ötürmə.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 26 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.