“Real”ın braziliyalı vingeri Vinisius Junior “Valensiya” ilə oyunda yaşadığı irqçi münasibətə dair məhkəmə işi üzrə ifadə verib.
Arena.az bu barədə “Kral klubu”nun rəsmi saytına istinadən məlumat verir.
23 yaşlı futbolçu Plasa-de-Kastilya meydanındakı məhkəməyə müraciət edərək, cari ilin may ayının 21-də “Real”ın səfərdə “Valensiya” ilə oyununda yerli azarkeşlər tərəfindən üzləşdiyi irçi münasibətə dair məhkəmə işi üzrə ifadə verib. Braziliyalı futbolçu məhkəməyə ifadəsində adı çəkilən hadisədə irqçi və ksenofob ifadələrlə təhqir edildiyini bildirib.
Xatırladaq ki, mayın 26-da Valensiya məhkəməsi Vinisiusun sözləri əsasında, “Malyorka” ilə oyunda futbolçunun üzləşdiyi irqçi təhqirlərlə bağlı araşdırmaya başlamışdı. Braziliyalı futbolçunu irqi zəmində təhqir etmiş azarkeşin kimliyi oyundan sonra müəyyənləşdirilmiş və daha sonra təqsirkar həbs edilmişdi.
Bu hadisələrdən sonra Vinisius irqçiliyə qarşı bütün gücünü səfərbər edərək, klubları və İspaniya hökumətinin əlaqədar qurumlarını müvafiq problemlə mübarizəyə səsləyib. İctimaiyyət braziliyalı futbolçunun mövqeyini anlaşıqla qarşılayıb. Vinisius Junior özü irqçi təhqirlərlə üzləşdiyi andan, mətbuatın da bu xüsusda qeyri-dəqiq məlumatlarına qarşı barışmaz, sərt tənqidi mövqe nümayiş etdirir.