Vircil van Deyk AÇ-2024-ə dair: “İlk oyun həmişə çətindir”

Niderland yığmasının kapitanı, mərkəz müdafiəçisi Vircil van Deyk qarşıdakı AÇ-2024-lə bağlı gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, niderlandlı futbolçu həmçinin yarışda ilk görüş çərçivəsində Polşa yığması ilə qarşıdakı oyun haqda da fikrini bildirib:

“Çətin rəqib, yaxşı oyunçuları var. Dəqiq bilirəm ki, Almaniyada işimizi çətinləşdirəcək çoxlu polyak azarkeş olacaq. Bu oyunda azarkeşlərimizə çox ehtiyacımız var, amma Avropa çempionatında ilk oyun həmişə çətin olur. Düzgün hazırlamaq üçün çox çalışacağıq. İlk oyunda qalib gəlmək növbəti mərhələyə doğru böyük addım olacaq, amma bizi əsl döyüş gözləyir”, deyə Vircil van Deyk vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Niderland yığması Polşa, Avstriya və Fransa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.

Niderland yığması ilk oyununu iyunun 16-da Polşa yığmasına qarşı keçirəcək.