“Liverpul”un holland mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk 2023/2024 mövsümündəki idmani formasını qiymətləndirib.
Arena.az “The Guardian” nəşrinə istinadən, holland müdafiəçinin bu barədə fikirlərini təqdim edir:
“Bu mövsüm özümü oyunun bütün baxışlarında çox rahat hiss edirəm. Aydındır ki, inam böyük amildir, amma ümumilikdə topla çox yaxşılaşdığımı düşünürəm.
Ötən gün məşqçi dedi ki, söhbət təkcə kapitan sarğısı ilə bağlı deyil. Düşünürəm ki, yenə də çoxlu amillər vardı. Özümü həqiqətən yaxşı hiss edirəm və kapitan olmağım buna kömək edib, amma yenidən tərəqqi etdiyimi hiss edirəm. Topa sahibolmada və müdafiədə təkmilləşdim, bunu isə çox bəyənirəm”, deyə Van Deyk bildirib.
Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki 84,65 milyon avro müqabilində “Sauthempton”dan transfer edilblər. Van Deykin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Holland müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 257 oyun, 23 qol, 14 məhsuldar ötürmə.
Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019 mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 7 qol vurub.
“Transfermarkt” internet-portalı 32 yaşlı holland müdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.