“Liverpul”un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk İngiltərə klubunun düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az müqaviləsinin müddəti cari mövsümün sonunadək olan niderlandlı futbolçunun bu barədə cavabını təqdim edir:
“Heç bir məlumat yoxdur. Sizinlə bölüşəcək heç nəyim yoxdur. Əgər əldə edilmiş razılaşmalar və ya onların olmaması barədə xəbərləri oxuyursunuzsa, deməli, bunların heç biri doğru deyil. Əlbəttə, danışıqlar gedir, amma hazırda paylaşacaq heç nəyim yoxdur”, deyə Van Deyk vurğulayıb.
Van Deyk “Real”a keçə biləcəyi haqda sualı da cavablayıb: “Yayda “Real”a transfer? Cavablaya bilmərəm. “Real” mərkəz müdafiəçisi axtarır? Doğrudanmı? Amma onlarda artıq Antonio Rüdiger var… Mən bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Elə, cavabım da budur”, deyə Van Deyk peşəkar mövqeyini sərgiləyərək, təxribatdan yayınıb.
“Liverpul” Van Deyklə razılığa gəlib?
Yeri gəlmişkən, Britaniya mətbuatının iddiasına görə, “Liverpul”la Van Deyk arasında 33 yaşlı futbolçunun yeni müqavilə barədə danışıqlar son həftələrdə irəliləyib. Müdafiəçinin əmək müqaviləsinin müddətinin uzadılmasının elanı artıq “zaman məsələsidir”. Vurğulanır ki, bu, dekabrın 27-də, “Liverpul”un 2017-ci ildə niderlandlı futbolçunun “Sauthempton”dan keçidinin rəsmən elan etdiyi gün baş tuta bilər.
Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 288 oyun, 25 qol, 13 məhsuldar ötürmə.
Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 78 oyuna çıxıb, 9 qol vurub.
“Transfermarkt” internet-portalı 33 yaşlı niderlandlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


