Visente Quaita 2025-ci ilədək “Kristal Pelas”da!

İngiltərənin “Kristal Pelas” klubunun qapıçısı Visente Quaita Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı qolkiper yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa kimi “Kristal Pelas”ın uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin yayında bitəcəkdi.

Visente Quaita 2018-ci ilin iyul ayından “Kristal Pelas”ın uğurları üçün çalışır. İspaniyadan olan təcrübəli qolkiper bu komandanın heyətində 147 oyuna çıxıb.

Quaita “Valensiya”nın yetirməsidir. O, İngiltərəyə gedənə qədər ölkəsində “Rekreativo” və “Xetafe” klublarının da formasını geyinib.

“Kristal Pelas” gənc yarımmüdafiəçisi Malkolm Ebioueyi də “Hall Siti”yə icarəyə verib. İngiltərədən olan, Niderland vətəndaşlığına da malik 19 yaşlı vinger bu mövsümün sonuna kimi Çempionşip təmsilçisində forma geyinəcək. “Derbi Kaunti”nin yetirməsi olan yarımmüdafiəçi, 2022-ci ildən “Kristal Pelas”ın uğurları üçün çalışır. O, elita təmsilçisində cəmi 5 oyuna çıxıb.