Vissam Ben Yedder həbsdən azad edildi, amma…

Cinsi təcavüzdə ittiham edilən fransalı futbolçu Vissam Ben Yedder azadlığa buraxılıb və bir daha həbsə alınmayacaq.

Arena.az bu bardə “Ekip” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, sentyabrın 6-dan 7-nə keçən gecə Vissam sərxoş halda cinayət törətmişdi. Ardınca isə o, cinsi zorakılıqda ittiham edilərək hüquq-mühafizə orqanlarının nəzarətinə götürülmüşdü.

Artıq məlum olduğu kimi, Ben Yadder tezliklə evə buraxılıb. Amma futbolçu bir sıra ciddi qaydalara riayət etməlidir ki, bir daha dəmir barmaqlıqlar arasına düşməsin. Əvvəla, Ben Yedder daha gecə klublarına gedə bilməz. Üstəlik, o, axşam saat 8-dən səhər 6-ya qədər evini tərk etməməlidir. Həftədə iki dəfə isə polis əməkdaşları Ben Yadderin “ziyarətinə” buyuracaq, onun özünü necə apardığını təftiş edəcəklər. Qaydaları pozacağı halda Ben Yadderi cərimə və həbs gözləyir.

Nitsa prokurorluğu Ben Yadderin azadlığa buraxılması ilə bağlı apellyasiya şikayəti verib, amma şikayət heç nəyi dəyişməyib. Belə olduqda futbolçunu yenidən nəzarətə götürməyiblər, amma qeyd etdiyimiz şərtlər altında evinə buraxıblar.

Vurğulanır ki, indi Vissam ilk növbədə spirtli içki asılılığından müalicə alacaq, həmçinin psixoloqlarla işləyəcək.

Hazırda Vissam Ben Yedder azad agent qismində klubsuzdur. Buna qədər fransalı futbolçu “Monako”nun uğurları üçün çalışıb. O, cari ilin iyulunda knyazlıq klubundan azad agent qismində ayrılıb. Vissam daha öncə Fransada “Tuluza”nın, İspaniyada “Sevilya”nın da uğurları üçün çalışıb. 34 yaşlı futbolçu 2018-2022-ci illər aralığında Fransa yığmasında da 19 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.