Portuqaliyanın “Braqa” klubunun hücumçusu Vitinya (Vitor Manuel Karvalyo Oliveyra) Marsel “Olimpik”inə (Fransa) transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransa klubu bu transfer üçün “Braqa”ya 32 milyon avro ödəyib. 22 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb.
Vitinya “Braqa”nın öz yetirməsidir. Futbolçu bu klubun əsas komandasında meydana çıxdığı 67 oyunda 28 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Marsel “Olimpik”i yarımmüdafiəçisi Pape Qeyeni də İspaniyanın “Sevilya” klubuna icarəyə verib. Fransadan olsa da, Seneqal yığmasında forma geyinən 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi La Liqa klubunda çıxış edəcək. “Havr”ın yetirməsi olan Pape Qeye, İngiltərədə “Uotford”un da uğurları üçün çalışıb. O, 2020-ci ilin iyul ayından formasını geyindiyi Marsel “Olimpik”ində 100 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
“Sevilya” bu mövsümün əvvəlində “Ayaks”a icarəyə verdiyi Lukas Okamposu da geri qaytarıb. Niderland klubunda cəmi 6 oyun keçirən futbolçu məhsuldar göstərici ilə yadda qalmayıb. İspaniya klubu bu oyunçunu 2019-cu ildə məhz Marsel “Olimpik”indən 15 milyon avroya transfer etmişdi. Okampos “Sevilya”da keçirdiyi 135 oyunda 34 qol vurub. Argentinalı futbolçu daha öncə “River Pleyt”, “Monako”, “Cenoa” və “Milan”da da oynayıb. O, Argentina yığmasında 10 oyuna çıxıb, 2 qola imza atıb.
“Sevilya” onları icarəyə göndərdi
“Sevilya” digər oyunçularından Kike Salası “Tenerife”yə, Ludviq Auqustinssonu “Malyorka”ya, Tomas Dileynini isə “Hoffenhaym”a icarəyə verib. Onların hər üçü bu mövsümün sonuna kimi icarədə olacaq.
Kike Salas “Sevilya”nın öz yetirməsidir. İspaniyadan olan 20 yaşlı mərkəz müdafiəçisi bu klubun əsas komandasında 10 oyuna 1 qol və 1 məhsuldar ötürmə edib.
Ludviq Auqustinsson “Sevilya”ya 2021-ci ilin avqust ayında Almaniyanın “Verder” klubundan keçib (5.5 milyon avroya). O, La Liqa təmsilçisində 27 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçdən olan 28 yaşlı sol cinah müdafiəçisi daha öncə “Brommopoykarna”, “Göteborq”, “Kopenhagen” və “Verder”də oynayıb. Auqustinsson bu mövsümün ilk dövrəsini də İngiltərənin “Aston Villa” klubunda icarədə keçirib. O, İsveç millisində meydana çıxdığı 50 oyunda 2 qol vurub.
Tomas Dileyni isə 2021-ci ilin avqust ayında Dortmund “Borussiya”sından 6 milyon avro qarşılığında keçdiyi “Sevilya”da 47 oyuna 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Danimarka millisinin üzvü daha öncə “Kopenhagen” və “Verder”də də oynayıb. 31 yaşlı futbolçu ölkəsinin yığmasında da 72 oyuna 7 qol vurub.
Yeri gəlmişkən, Dileynini icarəyə götürən “Hoffenhaym” Portuqaliyanın “Benfika” klubunun müdafiəçisi Con Entoni Bruksu da heyətinə qatıb. 30 yaşlı futbolçu ilə müqavilə 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulub. Bundesliqa klubu bu transferə görə 300 min avro ödəyib.
Con Bruks “Herta”nın yetirməsidir. O, Almaniyada “Volfsburq”un da uğurları üçün çalışıb. “Benfika”ya bu mövsümün əvvəlində keçən müdafiəçi bu komandada cəmi 5 oyun keçirib. Təcrübəli müdafiəçi ABŞ milli komandasında da 45 oyuna çıxıb, 3 qol vurub.