Vladimir Çuçelov Bakıya gəldi – Şahmatçıları hazırlayacaq

Şahmat dünyasının tanınmış mütəxəssislərindən olan Vladimir Çuçelov Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvətiylə Bakıya gəlib.

Arena.az xəbər verir ki, səfərdə əsas məqsəd Bakıda gənc şahmatçılar üçün təşkil olunacaq bir həftəlik təlim-məşq toplanışına rəhbərlik etməkdir.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiya ilə Çuçelov arasında əldə olunan razılığa əsasən, hazırlıqdan sonra məşqçi hər bir şahmatçı barədə rəy təqdim edəcək. Bundan sonra Çuçelovla əməkdaşlığın müddəti dəqiqləşəcək.

Gənclərdən ibarət komanda üzvləri üçün təşkil edilən təlim-məşqin ilk günündə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da iştirak edib. AŞF rəhbəri bundan sonra da şahmatçılara lazımi bütün şəraitin yaradılacağını bildirib.

Qeyd edək ki, Vladimir Çuçelov uzun illər dünyanın ən reytinqli şahmatçılarıyla işləyib, onların inkişafında yaxından iştirak edib. Müxtəlif illərdə Çuçelov Teymur Rəcəbov, Fabiano Karuana, Aniş Giri, Vidit Qucrati, Hou İfan kimi tanınan şahmatçıların məşqçisi olub. Mütəxəssis 2014-cü ildə Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.