Vladimir Morozov Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi

Ukraynalı mütəxəssis Vladimir Morozov akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 70 yaşlı mütəxəssis Azərbaycana gəlməzdən əvvəl Ukrayna millisinə rəhbərlik edib.

Bazada yaradılan şəraitdən razılıq bildirən Vladimir Morozov qısa müddətdə komandanın hazırlığından məmnun qalıb: “Bu il bizim üçün çox vacibdir. Çünki yazda Yay Olimpiya Oyunlarına təsnifat yarışları olacaq. Şəraitimiz möhtəşəmdir. Bazamız Avropanın ən yaxşılarındandır. Məşqlərimizin uğurlu keçməsinə mane olacaq heç nə yoxdur”.

Qeyd edək ki, Ukrayna idmançıları Vladimir Morozovun rəhbərliyi altında London-2012 Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıblar.

Yeri gəlmişkən, akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni idmançı cəlb olunub. Murad Sadıqov bundan sonra yığmamızın şərəfini qoruyacaq. O, komanda daxilində əhvali-ruhiyyənin yüksək olduğunu bildirib:

“Gələcək yarışlar üçün maksimum güclə məşqlər keçirik. Bu bazada ilin bütün fəsillərində, hətta qışda da məşq keçmək mümkündür. Hər şey yüksək səviyyədədir. Özümə nümunə götürdüyüm dünya səviyyəli avarçəkənlər var. Onların məşqlərini mütəmadi olaraq izləyirəm. Qarşıdakı beynəlxalq yarışlarda uğur qazanmağa çalışacağam”.