Bosniya və Herseqovinadan olan mütəxəssis Vladimir Petkoviç futbol üzrə Əlcəzair millisinin yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
60 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Onun tezliklə Əlcəzairə gələcəyi və jurnalistlər üçün mətbuat konfransı keçirəcəyi diqqətə çatdırılıb.
Petkoviçin sonuncu iş yeri 2022-ci ilin fevralında ayrıldığı Fransa təmsilçisi “Bordo” olub. O, “Latsio”, “Syon”, “Samsunspor”, “Yanq Boyz”, “Bellintsona”, “Luqano” və “Malkantone Aqno” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Vladimir Petkoviç daha çox İsveçrə milli komandasındakı fəaliyyəti ilə tanınıb. O, 2014-2021-ci illər aralığında çalışdırdığı İsveçrə yığmasını 78 oyuna çıxarıb. Sözügedən komanda bu görüşlərdə 42 qələbə qazanıb, 14 heç-heçə edib və 22 məğlubiyyətə üzülüb.
Əlcəzair yığmasına gəlincə, bu komanda yanvarda keçirilən Afrika Millətlər Kubokunda uğursuz çıxış edib. Komanda Anqola, Burkina Faso və Mavritaniya ilə görüşlərdə 2 xal toplayaraq qrupdan çıxa bilməyib. Bu üzdən də Əlcəzair yığmasının baş məşqçisi Djamel Belmadi yanvar ayında istefaya göndərilmişdi. 47 yaşlı mütəxəssis 2018-ci ildən rəhbərlik etdiyi millini bütövlükdə 64 oyuna çıxarıb. Əlcəzair yığması bu görüşlədə 42 qələbə qazanıb, 16 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.