Voleybol Federasiyasının prezidenti yenə Cavid Qurbanov oldu

Bu gün – noyabrın 26-də Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Sonra, Azərbaycan Voleybol Federasiyasının hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.

Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev 1-ci vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsinə seçiliblər.

Konfransda həmçinin, Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan Voleybol Federasiyası İdarə Heyətinə üzv seçiliblər.

Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.

Cavid Qurbanov hesabat-seçki konfransından sonra fikirlərini bölüşüb. O, bunları söyləyib:

“Federasiyamızın İdarə Heyəti yenidən seçilib. Əsas məqsədimiz voleybolun inkişafı ilə məşğul olmaqdır.

Yaxın keçmişdə voleybolda qazandığımız uğurların daha da artmasını istəyirik. Azərbaycan çempionatının tarixini yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq. Bu məqsədlə komandalarımızın sayını artırmaq niyyətindəyik. Xaricdə bir çox klublar məktəbləri təmsil edir. Onlarla danışıq aparıb, bu məsələni inkişaf etdirmək istəyirik. Azərbaycan təkcə cüdo və güləşdən ibarət deyil. Komanda idman növlərini də inkişaf etdirmək lazımdır.

Biz ucaboy xalq deyilik. Çalışmalıyıq ki, gənclərimiz daha inkişaf etsin. Ölkəmizdə yetəri qədər olimpiya kompleksləri var. Sadəcə, istək və həvəs lazımdır. Gəncləri bu idman növünə yönləndirmək lazımdır”.

“Cavid Qurbanov bu gün yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildi. Bu münasibətlə onu təbrik edirəm”.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Hüseynzadə C.Qurbanova əvvəlki dönəmdəki fəaliyyətinə görə təşəkkürünü bildirib: “Cavid müəllimin bugünkü çıxışı məni həyəcanlandırdı. Mən də özümü voleybola yaxın hesab edirəm. Qadın voleybolçuların qazandığı uğurlar bütün xalqın ürəyində sevinc hissi yaradırdı. Başqa idman növlərində bu uğuru görmürdük. Fərdi idman növlərində uğurlarımız olur. Komanda idman növlərində isə bizi qadın voleybolçularımız sevindirir. Hesab edirəm ki, növbəti hesabat dövründə voleybolda nailiyyətlərimiz daha çox olacaq”.