Voleybol: Millilərimizin Avropa Liqasındakı rəqibləri bəlli oldu

Azərbaycanın voleybol üzrə kişilərdən və qadınlardan ibarət komandaları Avropa Liqasında mübarizə aparacaqlar.

Arena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüblər.

Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.

Reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında yarışacaq. Reytinqdə 37-ci yerdə olan kişilərdən ibarət yığmamız isə Gümüş Avropa Liqasında çıxış edəcək.

Hər iki yarış 30 may – 6 iyul 2025-ci il tarixlərində keçiriləcək. Qadınların yarışında 12 ölkənin, kişilərin mübarizəsində isə 8 ölkənin milliləri mübarizə aparacaq.

Reqlamentə əsasən Gümüş Avropa Liqasında bir turnir cədvəli olacaq və ilk 2 yeri tutan komandalar finala vəsiqə qazanacaqlar. Final oyunları ev-səfər sistemi ilə keçiriləcək. Qızıl Liqada da bir turnir cədvəli olacaq. Gümüş Liqadan fərqli olaraq burada ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.

Artıq Avropa Liqasında Azərbaycan yığmalarının rəqibləri də məlumdur. Qadınlardan ibarət yığmamız bu komandalara qarşı mübarizə aparacaqlar: Azərbaycan, Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya, Xorvatiya.

Kişilərdən ibarət millimizi isə aşağıdakı komandalarla görüşlər gözləyir: Azərbaycan, Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya, Farer adaları.