Voleybol: Millimiz son oyunda da uduzdu, mübarizəni dayandırdı

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan mill komandası Qızıl Avropa Liqasının cari mövsümündəki çıxışını başa vurub.

Arena.az xəbər verir ki, komandamız bu gün 3-cü turun son qarşılaşmasında Lüksemburq yığması ilə üz-üzə gəlib.

Estoniyada təşkil olunan görüş maraqlı mübarizədə keçib. Gərginliyi ilə yadda qalan oyunda tərəflər hərəyə iki set qazandığından qalibin adına tay-brekdə aydınlıq gəlib. Həlledici hissə isə rəqibin üstünlüyü ilə başa çatıb. Fərid Cəlalovun yetirmələri turnirdəki son matçda 2:3 hesabı ilə məğlub olaraq aktivlərinə bir xal yazdırıblar.

Bununla da mayın 17-də yarışda ilk oyununu keçirən voleybol üzrə milli komandamız turniri bir xalla başa vurub.

Qeyd edək ki, reqlamentə əsas iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanır. Turnirin yarımfinal və final oyunları 15-16 iyun tarixlərində Xorvatiyada təşkil olunacaq.

Lüksemburq – Azərbaycan 3:2 (25:20, 22:25, 21:25, 25:17, 15:11)