Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verildi

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2021/22 mövsümünə start verilib. Arena.az xəbər verir ki, yarışdan öncə mövsümün açılış mərasimi keçirilib.

“Murov” klubunun Biləcəridə yerləşən idman zalında təşkil edilən tədbirə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, 1-ci vitse-prezident Faiq Qarayev və digər rəsmi qonaqlar qatılıblar.

Öncə Cavid Qurbanov iştirakçıları salamlayıb və yarışa qatılacaq komandalara uğurlar arzulayıb. O, koronavirus pandemiyası səbəbindən ölkə çempionatında yaranmış fasilənin nəhayət ki, başa çatdığını bildirib.

44 günlük Vətən Müharibəsində Azərbaycanın zəfərindən söz açan federasiya prezidenti oradakı quruculuq işlərindən də danışıb. O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəyinə inandığını qeyd edib. Cavid Qurbanov Azərbaycan voleybolunun əvvəlki səviyyəsini tezliklə bərpa edəcəyini vurğulayıb.

Açılış mərasimində çıxış edən Faiq Qarayev voleybolun ölkəmizdə sevilməsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, koronavirus pandemiyası idmanın bu növünü bir qədər geri salsa da, tezliklə problemlər aradan qaldırılacaq. Faiq Qarayev bu dəfə klubların gənclərə yer verəcəyini söyləyib. O, yeni nəsil oyunçuların yetişməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Çempionata qadınlar arasındakı Super Liqada mübarizə aparan “Abşeron” və “Murov” komandalarının oyunu ilə start verilib. Abşeron klubu ilk matçda 3:0 (25:8, 25:23, 26:24) hesabı ilə qalib gəlib.

Günün ikinci matçı kişilər arasındakı Yüksək Liqada çıxış edən MOİK – “Neftçi” komandalarının qarşılaşması olub. Görüş 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə “hərbçilər”in xeyrinə başa çatıb.

Qadınlar arasında keçirilən Super Liqada “Murov”, “Abşeron”, “Azərreyl” və UNEC çempion adı uğrunda mübarizə aparacaq. Kişilər arasında Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Exspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.