VOLEYBOL

Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir. Voleybol bakılılar arasında daha geniş yayılmışdı. Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başlayıb. Şəhərin ilk birinciliyi məhz bu vaxt keçirilib.

1955-ci ildə Azərbaycanın qadınlardan ibarət voleybol komandası uğurla çıxış edərək yüksək liqada oynamaq hüququ qazanıb. Ümumiyyətlə Azərbaycan voleybolçuları üçün ən uğurlu il 1957-ci il sayılır. Həmin Böyük Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş kubok yarışlarında kişilərdən ibarət komanda bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub.

1960-cı ildə Azərbaycan voleybolunda İnna Rıskal parlamağa başlayıb. O, öz adını Olimpiya və idman tarixinə əbədi yazanlardan biridir. XX əsrin ən güclü üç qadın voleybolçusu sırasında İnnanın da adı var.

Azərbaycan Respublikası 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandası ilə çıxış etməyə başlayıb. 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB) və Avropa Voleybol Federasiyasına (CEV) daxil olub.

1997-2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum ediliblər. Yalnız 4 illik fasilədən sonra – 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılıblar.

Nəhayət 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Türkiyədə işləyən tanınmış məşqçi Faiq Qarayevi vətənə dəvət edərək onu ölkədə voleybolun inkişaf etdirilməsi işinə qoşulmağa çağırıb. Vətənə dönən Faiq Qarayev dərhal qadınlardan ibarət milli yığma komandaya və “Azərreyl” klubuna baş məşqçi təyin olunub. 2002-ci ildə “Azərreyl” Avropa “Top Komandalar” kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk kollektivə çevrilib. 2004-cü ildə isə “Azərreyl” Avropa Çempionlar Liqasının “Dördlər Finalı”nda iştirak edib.

Bununla yanaşı qadınlardan ibarət milli komanda da qitə və dünya birinciliklərində Azərbaycanı layiqincə təmsil edib. Milli komanda 2005-ci ildə Avropa qran-pri turnirinin qalibi olub və Xorvatiyada keçirilən Avropa Çempionatında 4-cü yeri tutub.

2001-ci ildən etibarən kişilər və qadınlar arasında Azərbaycan Çempionatı keçirilir.