“Volfsburq” baş məşqçi postuna Florian Kofeldti gətirdi

Almaniyanın “Volfsburq” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Florian Kofeldt çalışdıracaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Florian Kofeldt bu komandada bir neçə gün öncə istefaya göndərilmiş Mark van Bommeli əvəz edib. Almaniyalı mütəxəssis daha öncə “Verder”ə rəhbərlik edib. Gənc məşqçi 2017-ci ildən çalışdığı Bremen klubundan bu ilin mayında ayrılmışdı.

“Volfsburq” bu mövsüm Van Bommelin rəhbərliyi altında bütövlükdə 13 matça çıxıb. Bundesliqa təmsilçisi bu oyunlarda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Niderlandlı məşqçinin istefasına komandanın son turlardakı uğursuz çıxışı səbəb olub. Belə ki, Bundesliqa çərçivəsində baş tutan son dörd matç məğlubiyyətlə bitib. Son olaraq bu həftə doğma meydanda “Frayburq”a 0:2 hesablı məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırıb və onlar baş məşqçini istefaya göndərməyə qərar veriblər. Mark van Bommel bu ilin iyul ayında Almaniya klubuna baş məşqçi təyin olunmuşdu.

Sözügedən komanda bu mövsüm Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.

v