Almaniyanın “Volfsburq” komandasının baş məşqçisi Mark van Bommel istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İstefaya komandanın son turlardakı uğursuz çıxışı səbəb olub. Belə ki, Bundesliqa çərçivəsində baş tutan son dörd matç məğlubiyyətlə bitib. Son olaraq bu həftə doğma meydanda “Frayburq”a 0:2 hesablı məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırıb və onlar baş məşqçini istefaya göndərməyə qərar veriblər.
“Volfsburq” Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.
Mark van Bommel bu ilin iyul ayında Almaniya klubuna baş məşqçi təyin olunmuşdu. Niderlanddan olan 44 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 13 matça çıxarıb. Bundesliqa təmsilçisi bu oyunlarda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.


