“Volfsburq” Mattias Svanberqi heyətinə qatdı

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliyanın “Bolonya” klubunun yarımmüdafiəçisi Mattias Svanberqi transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. İsveç millisinin də üzvü olan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında 32 nömrəli formanı geyinəcək.

“Volfsburq” bu transferə görə İtaliya klubuna 9 milyon avro ödəyib.

Mattias Svanberq 2018-ci ildən “Bolonya”da forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 123 oyunda 9 qola imza atıb. Futbolçu daha öncə yetirməsi olduğu İsveç “Malmö”sünün uğurları üçün çalışıb. İsveç yığmasında 21 oyuna çıxan yarımmüdafiəçi 1 qol da vurub.

Svanberqi “Volfsburq”a satan “Bolonya” da heyətinə yeni oyunçular cəlb edib. A Seriyası təmsilçisi Şotlandiya yığmasının və “Aberdin”in gənc yarımmüdafiəçisi Luis Ferqyusonu transfer edib. Bu transfer üçün 3.5 milyon avrosundan keçən İtaliya klubu, yeni yarımmüdafiəçisi ilə 4+1 illik müqavilə bağlayıb. Luis Ferqyuson 2018-ci ildən formasını geyindiyi “Aberdin”dən öncə, “Hamilton Akademikal”da çıxış edib. 22 yaşlı futbolçu Şotlandiya yığmasında da 4 oyuna çıxıb.

“Bolonya” həmçinin “Yuventus”un bir neçə gün öncə “Cenoa”dan transfer etdiyi Andrea Kamyazonu da icarəyə götürdüyünü açıqlayıb. İcarə müddəti qarşıdakı mövsümün sonuna qədərdir. 22 yaşlı italiyalı oyunçu “Yuventus”la da 5 illik müqavilə imzalamışdı. Turinlilər bu transfer üçün “Cenoa”ya 8.5 milyon avro ödəmişdi.

Andrea Kambyazo “Cenoa”nın yetirməsidir. O, bu klubda olarkən “Albissola”, “Savona”, “Alessandriya” və “Empoli” kimi komandalarda icarədə oynayıb. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə “Cenoa”nın heyətində 27 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçu İtaliyanın U-21 yığmasında da oynayıb.