“Volfsburq” yeni baş məşqçisinin təyinatını açıqladı

Avstriyalı mütəxəssis Ralf Hazenhüttl Bundesliqa təmsilçisi “Volfsburq”un baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Hazenhüttl bu vəzifədə xorvat mütəxəssis Niko Kovaçı əvəzləyib. Müqavilə müddəti açıqlanmasa da “canavarlar”ın 56 yaşlı mütəxəssislə uzunmüddətli razılaşmaya qol qoyduqları vurğulanır.

Xatırladaq ki, Hazenhüttl 2018-2022-ci illərdə Premyer Liqa təmsilçisi “Sauthempton”u çalışdırıb. Bundan əvvəl avstriyalı mütəxəssis Almaniyada “Leypsiq”, “İnqolştadt”, “Aalen” və “Unterhaxinq”də çalışıb.

Vurğulayaq ki, Ralf Hazenhüttl “Sauthempton”dan ayrıldığı vaxtdan, 2022-ci ilin noyabrın 7-dən bəri işsiz idi.

Hazırda “Volfsburq” Bundesliqanın 26 turundan sonra 25 xalla yarış cəvəlinin 14-ci pilləsində qərarlaşıb. 2023/2024 mövsümünün sonuna 8 tur qalmış “canavarlar”ı təhlükəli bölgədən 6 xal ayırır. Komandanı Bundesliqada qalmaq uğrunda gərgin mübarizə gözləyir.