Ötən gün baş məşqçisi İsmet Taşdemir ilə yollarını ayıran Türkiyənin “Bodrumspor” komandasını bundan sonra Volkan Demirel çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq qapıçısı Bodrum təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Volkan Demirel buna qədər Türkiyənin “Hatayspor” komandasının baş məşqçisi vəzifəsində çalışıb. O, bu ilin may ayında Hatay klubundan ayrılandan bəri işsiz idi. Demirel 2022-ci ilin sentyabr ayından “Hatayspor”a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 55 oyun keçirib, 16 qələbə qazanıb, 16 heç-heçə edib və 23 məğlubiyyətə üzülüb. 42 yaşlı mütəxəssis daha öncə “Fatih Karagümrük”də də baş məşqçi olub.
“Bodrumspor”u bu vaxta qədər İsmet Taşdemir çalışdırırdı. 50 yaşlı türkiyəli mütəxəssislə müqaviləyə ötən gün qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2021-ci ildən “yaşıl-ağlılar”ın baş məşqçisi kimi çalışırdı. Taşdemir bu 3 ildə komandanı 2-ci Liqaya, 1-ci Liqaya, oradan da Super Liqaya çıxarmağı bacarıb. Türkiyəli mütəxəssis bu komandanı meydana çıxardığı 129 oyunda 65 qələbə görüb, 31 heç-heçə edib, 33 məğlubiyyətə üzülüb.
Taşdemir daha öncə “Çorum”, “Ankaraspor”, “Osmanlıspor”, “Ümraniyəspor”, “Altay”, “Buğşaş Spor”, “Ankaragücü”, “Kocaeli Birlik”, “Diyarbəkir” kimi klublarda da baş məşqçi kimi çalışıb.
“Bodrumspor” bu mövsüm Super Liqada keçirdiyi 10 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Komanda 10 xalla 13-cü pillədə qərarlaşıb.



