Voyçex Şesnı “Barselona”ya keçəcəyi ilə bağlı şayiələri cavabladı

“Yuventus”un polyak keçmiş qapıçısı Voyçex Şesnı “Barselona” ilə müqavilə bağlamaq üçün danışıqlar apardığı haqda şayiələri təsdiqləyib.

Arena.az bu barədə nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir:

“Bəli, hazırda danışıqlar aparıram və “Barsa”ya keçməyi düşünürəm. Bu seçimi nəzərdən keçirməsəm, hörmətsizlik olardı. “Barsa” dünyanın ən yaxşı klublarından biridir”, deyə azad agent olan polyak qapıçı bildirib.

Bu yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib.

Xatırladaq ki, “Barselona”nın alman əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxdığı ehtimal edilir. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac görür və seçimini məhz Şesnı üzərində saxlayıb.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.

2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.

Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Polyak qapıçının “Yuventus” karyerası ümumikdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” oyudan ibarətdir.

Voyçex Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku (2 dəfə) var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.