Voyçex Şesnı “Barselona”ya keçidini şərh etdi

Polyak qapıçı Voyçex Şesnı İspaniyanın “Barselona” klubuna keçidini şərh edib və həmçinin bu keçidin təşəbbüskarından söhbət açıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, polyak qapıçının bu barədə fikrini təqdim edir:

“Doğrusunu desəm, təqaüdə çıxmağa hazır idim. Xoşbəxt idim, amma şəhərdəki ilk iki günümdə insanların mənimlə necə rəftar etdiyini və bunun onlar üçün nə qədər vacib olduğunu görürəm. Bu gözəl ailənin bir hissəsi olmaq məni qürurlandırır. Bu, böyük klubdur, amma mən özümü artıq bu ailənin bir parçası olaraq hiss edirəm. Azarkeşlərin həvəsini görürəm, bu isə çox gözəldir. Ailə mənim üçün çox önəmlidir, indi mən bu ailəni bir az da genişləndirmişəm.

Stadionda da olmuşam. Komanda heyrətamiz görünür. Bu, mənim üçün bir çağırışdır və mən buna böyük həvəslə hazıram. Bu mövsüm nə olacağının intizarındayam”, deyə Şesnı “blauqrana”nın düşərgəsinə keçidi ilə bağlı danışıb.

Şesnını Levandovski razı salıb

Polyak qapıçı onun “Barsleona”ya keçidinin təşəbbüskarı haqda da söhbət açıb:

“Robert (Levandovski – redaktorun qeydi) mənə zəng edib bu keçidin mümkün olub-olmadığını soruşmuş ilk şəxs olub. O, məni inandırdı, çünki yeni çağırışa hazır olub-olmadığımı belə, bilmirdim. Sonra ailəm və dostlarımla danışdım. Hamı dedi ki, imtina etsəm, səhv etmiş olacağam. Robert bu məsələdə böyük rol oynadı, çünki o, məni inandırmağa çalışmış ilk şəxs idi”.

Xatırladaq ki, Voyçex Şesnı bu gün, oktyabrın 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Xatırladaq ki, bu yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib.
Belə ki, “Barselona”nın alman əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxıb. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac gördüyü üçün seçimini məhz Şesnının üzərində saxlayıb.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.

2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.

Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Polyak qapıçının “Yuventus” karyerası ümumikdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” oyudan ibarətdir.

Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku (2 dəfə) var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.