“Vulverhempton” rekord məbləğə futbolçu transfer etdi

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan Mateus Nunesi transferi edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 27 nömrəli formanı geyinəcək.

“Vulverhempton” bu transfer üçün qarşı tərəfə ödənilən məbləği açıqlamayıb. Amma Nunesin klub tarixinin ən bahalı transferi olduğu vurğulanıb. Britaniya mətbuatı isə klubun bu keçidə görə 45 milyon + 5 milyon avro bonus ödəyəcəyini iddia edib.

Mateus Nunes 2019-cu ilin yanvarından “Sportinq”də çıxış edirdi. O, bu komandanın heyətində 101 oyuna 8 qol vurub. Hücumameylli yarımmüdafiəçi daha öncə “Eştoril” və “Eriseyrense” klublarında da forma geyinib. Braziliyada dünyaya göz açan futbolçu Portuqaliya vətəndaşlığına da malikdir. Bu üzdən də o, ötən ildən Portuqaliyanın əsas yığmasına dəvət alır. Yarımmüdafiəçi artıq bu komandada 8 oyuna 1 qol da vurub.

Premyer Liqa klubu daha öncə Hi Çan Huanq, Natan Kollinz və Qonsalo Qedesi də transfer etmişdi.