“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 34-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi” son iki oyunda qələbə qazana bilməmişdi. Azarkeşlərinin inamını qaytarmaq üçün bu matça nə qədər ciddi yanaşdıqlarını bilirdik. Biz də “Neftçi”yə bu mövsüm üç oyunda uduzmuşduq. Bu gün qələbə qazanaraq, məğlubiyyətləri unutdurmaq niyyətindəydik. Təəssüf ki, yenə qələbə qazana bilmədik. Amma futbolçularımız qələbəyə bərabər əzmkar, baxımlı oyun nümayiş etdirdilər. Onlara təşəkkür edirəm.
“Neftçi” ilə bütün oyunlarımız çətin keçir. Şamaxıdakı hər iki matçda da üstün tərəf biz olmuşduq. Amma təəssüf ki, qol vura bilmirdik. Bu gün üstün tərəf biz olduq, futbolçularımız özlərinə inandılar. Qol imkanlarımız var idi. İnanırdıq ki, qol vura biləcəyik.
Mövsümün sonuna iki oyun qalıb. Nə gücümüz varsa, ortaya qoyacağıq ki, Premyer Liqada qalaq. Son illərdə Premyer Liqanın bu qədər maraqlı keçdiyini xatırlamıram. Hər komanda hər xalın dəyərini bilir. Qarşıdakı “Qəbələ” ilə oyuna ciddi hazırlaşacağıq. Rəqibimizin çox yaxşı oyunçuları var və yaxşı futbol oynayırlar. Çətin olacağını bilirik. Amma Premyer Liqada qalmaq üçün xal və xallar qazanmağa çalışacağıq”.
Vüqar Əsgərli mövsümün sonunda elitanı tərk etməmək üçün AFFA-ya müraciət etmək fikrində olub-olmadıqları ilə bağlı suala da cavab verib:
“Hər kəs istəyər ki, Premyer Liqada komandaların sayı artsın, çempionatımız daha maraqlı keçsin. Son illərdə bu qədər maraqlı keçən çempionat görməmişdik. Amma gərək qaydalara da hörmətlə yanaşaq. Qaydalara görə elitada 10 komanda olmasıdırsa, buna riayət etməliyik. Təbii ki, komanda sayının 12-yə yüksəlməsini istəyərdik ki, gənclərimiz daim oynasın. Komanda sayı artsa, bu cür futbolçularımızın da sayı artacaq”.