Bir neçə gün öncə “Səbail”dən ayrılan yarımmüdafiəçisi Vüqar Bəybalayevin yeni iş yeri müəyyənləşib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra karyerasını Gürcüstanda davam etdirəcək.
O, bu ölkənin “Telavi” komandasına transfer olunub. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Bəybalayev yeni komandasına azad agent statusu ilə qoşulub və artıq “Telavi”nin məşqlərində iştirak edir. Vüqar yeni komandasında “15” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vüqar 2018-ci ildən “Səbail”in uğurları üçün çalışırdı. O, “dənizçilər”in heyətində keçirdiyi 3 mövsümdə 37 oyuna çıxıb. 27 yaşlı futbolçu bu oyunlarda qol vura bilməsə də, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Telavi” Gürcüstanın yüksək liqasında mübarizə aparır. Sözügedən komanda bu mövsüm meydana çıxdığı beş oyunda 5 xal toplaya bilib və 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Gürcüstan çempionatında daha bir azərbaycanlı futbolçu çıxış edir. Bu, ölkəmizdə “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ” kimi klubların aşağı yaş qrupları üzrə komandalarında da oynamış İbrahim Qədirzadədir. O, “Samtrediya”nın uğurları üçün çalışır. Lakin cari mövsüm futbolçumuzun komandası üçün uğursuz başlayıb. Sözügedən komanda keçirdiyi 5 oyunun hamısından məğlubiyyətlə ayrılıb.


