“Səbail” yarımmüdafiəçisi Vüqar Bəybalayev ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə futbolçu ilə klub arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunduğu diqqətə çatdırılıb. Futbolçuya azad agent statusu verilib.
“Səbail” Bəybalayevə klubdakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Vüqar 2018-ci ildən “Səbail”in uğurları üçün çalışırdı. O, “dənizçilər”in heyətində keçirdiyi 3 mövsümdə 37 oyuna çıxıb. 27 yaşlı futbolçu bu oyunlarda qol vura bilməsə də, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonda onu da bildirək ki, Vüqar Bəybalayev bundan sonrakı karyerasını Gürcüstanda davam etdirəcək. O, bu ölkənin “Telavi” klubu ilə anlaşıb. Tərəflər artıq bütün məsələlərdə razılığa gəlsə də, Gürcüstan klubu hələlik bu transferi rəsmən açıqlamayıb. Böyük ehtimalla ən yaxın zamanda klub Vüqarın keçidini ictimaiyyətə açıqlayacaq.
“Telavi” Gürcüstanın yüksək liqasında mübarizə aparır. Sözügedən komanda bu mövsüm meydana çıxdığı beş oyunda 5 xal toplaya bilib və 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
Gürcüstan çempionatında daha bir azərbaycanlı futbolçu çıxış edir. Bu, ölkəmizdə “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ” kimi klubların aşağı yaş qrupları üzrə komandalarında da oynamış İbrahim Qədirzadədir. O, “Samtrediya”nın uğurları üçün çalışır. Lakin cari mövsüm futbolçumuzun komandası üçün uğursuz başlayıb. Sözügedən komanda keçirdiyi 5 oyunun hamısından məğlubiyyətlə ayrılıb.


