Azərbaycan Premyer Liqasındakı yerini çətinliklə təmin edən “Səbail”də müdafiəçi Vüqar Həsənov ilə yeni müqavilə imzalanıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu ilə müqavilənin müddəti daha bir il uzadılıb. O, 2023/2024 mövsümünün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, Vüqar Həsənov ötən mövsümün əvvəlindən “Səbail”də çıxış edir. O, “dənizçilər”in heyətində keçirdiyi ilk mövsümündə 16 oyunda iştirak edib, 2 sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
Vüqar “Səbail”dən öncə “Kəpəz”də, “Neftçi” və “Şamaxı”nın əvəzedici komandalarında da forma geyinib.
Sonda onu da vurğulayaq ki, “Səbail” mövsüm başa çatandan sonra Luvaqa Kizito, Qoba Zakpa, Qustavo de Fransa, Franko Mazurek, Emil Martinov və Ruslan Hacıyevlə yollarını ayırıb.