“Vüqar Həşimov” komandası bu gün Serbiyada klublar arasında start götürəcək şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, bu gün Serbiyanın Vranyaçke-Bane şəhərində klublar arasında şahmat üzrə Avropa Kubokuna start veriləcək. Azərbaycanı yarışda “Vüqar Həşimov” klubu təmsil edəcək. İlk turda təmsilçimiz Norveçin SOSS klubuyla mübarizə aparacaq.
Azərbaycan klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edəcəklər. Komandanın kapitanı Sərxan Həşimov olacaq.
Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq.
Qeyd edək ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitroviça”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edəcək.