“Vüqar Həşimov Memorialı” superturnirinin iştirakçıları 2-ci Fəxri xiyabanda görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Ziyarətdə Vüqar Həşimovun yaxınları, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, superturnirin iştirakçılarının siyahısında bəzi dəyişiklər də olub. Belə ki, polşalı şahmatçı Yan Kşiştof Duda (2732) səhhətiylə əlaqədar ölkəmizdəki turnirdə iştirak edə bilməyəcək. Hazırkı vəziyyətdə sağlamlığı ona bu imkanı vermir.
Hindistan şahmatçısı Vidit Santoş Qucrati də Həşimov Memorialında iştirak edə bilməyəcək. Onu həmyerlisi Aravind Çitambaram əvəzləyəcək.
Yarışın təşkilat komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə də razılıq əldə edib. Blits şahmatında 2808 FIDE reytinqinə malik şahmatçı komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.
Daha öncə Vüqar Həşimovun xatirə turnirində bu şahmatçıların iştirak edəcəyi açıqlanmışdı:
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı (Azərbaycan);
Nodirbek Abdussatorov (Özbəkistan, FIDE reytinqi 2766);
Yan Nepomnyaşi (FIDE, 2755);
Riçard Rapport (Macarıstan, 2766).
Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.
Vüqar Həşimov Memorialı bu dəfə Şuşada baş tutacaq. Sentyabrın 26-da açılış mərasimi baş tutacaq yarış sentyabrın 30-da yekunlaşacaq. Açılış mərasimi sabah saat 14:30-da Şuşa Otel-Konqres Mərkəzində olacaq. Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrossmeysterlər rapid və blits növündə mübarizə aparacaq.