Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 36-cı turu çərçivəsində baş tutmuş “Kocaelispor”la oyunun iştirakçısı olub.
“Boluspor” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 4:3. İsgəndərli bu oyunda 90 dəqiqə meydanda olsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Boluspor” 36 oyuna topladığı 55 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Vüsalın komandası bu oyunlarda 15 qələbə qazanıb, 10 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 37 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Digər azərbaycanlı futbolçu Coşqun Diniyevin komandası – “Çorum” da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Ankaragücü” ilə üz-üzə gəlib və 0:1 hesabıyla məğlub olub. Coşqun bu görüşə start heyətdə başlasa da, fasilədə əvəzlənib. “Ankaragücü” klubunun formasını geyinən Azərbaycanın U-19 yığmasının üzvü Həsən Nəzərli isə sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Coşqun Diniyev fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 10 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
“Çorum” hazırda 51 xalla Birinci Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 36 oyunda 13 qələbə qazanıb, 12 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 30 oyun keçirib.