Vüsal İsgəndərli Albaniya klubu ilə müqavilə bağladı – Foto

Azərbaycan millisinin və “Sumqayıt”ın yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubu ilə rəsmi müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

İmzalanma mərasimindən şəkilləri təqdim edən Albaniya klubu müqavilənin müddətini və digər detalları açıqlamayıb. Sadəcə, futbolçunun sabahdan etibarən yeni komandasında məşqlərə başlayacağı qeyd edilib.

Xatırladaq ki, bir neçə gün öncə “Eqnatiya” klubunun prezidenti Agim Demrozi “PanoramaSport” nəşrinə açıqlamasında Vüsalı transfer etdiklərini təsdiqləmişdi. O, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzaladıqlarını bəyan etmişdi.

“Eqnatiya” Albaniya Super Liqasında geridə qalan mövsümü 52 xalla 3-cü pillədə başa vurub. İsgəndərlinin yeni komandası qarşıdakı mövsümdə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

Maraqlıdır ki, Avropa Konfrans Liqasında albanlar Ermənistanın “Ararat-Armenia” klubuna rəqib olublar. Bu komandalar 1-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcəklər. İlk oyun iyulun 13-də İrəvanda, cavab matçı iyulun 20-də Albaniyada olacaq. İsgəndərlinin “Eqnatiya”ya yeni transfer olunduğundan və adaptasiya prosesi keçmədiyindən İrəvandakı matçda iştirak etmək (deməli, həm də ora getmək) ehtimalı çox azdır. Amma o, cavab görüşündə meydana çıxa bilər.

Vüsal İsgəndərli ötən mövsümü “Sumqayıt”da keçirib. O, 2022-ci ilin iyulunda qoşulduğu bu klubun heyətində 35 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb. Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Simurq”da da oynamış yarımmüdafiəçi 2021/2022 mövsümündə Türkiyənin “Keçiörengücü” klubunda da legioner həyatı yaşayıb. O, Azərbaycan millisində 3 oyun keçirsə də, fərqlənə bilməyib.