Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 7-ci turu çərçivəsində baş tutan “Manisa” ilə oyunun iştirakçısı olub.
“Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Bu, Bolu təmsilçisinin cari mövsümdəki ikinci qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarında 3 heç-heçə və 2 məğlubiyyət görüb.
İsgəndərli bu oyunun 90+2-ci dəqiqəsində, hesab 1:0 olarkən meydana buraxılıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Boluspor” 7 turdan sonra 9 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.